Bu günlərdə YAY Gallery-də Azərbaycan tarixində və mifologiyasında yer almış qadınlara, gender stereotiplərinin aradan qaldırılmasına həsr olunan “Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfun, hər nə yoxsa, vardır dünyada…” adlı qrup sərgisi keçirilib.
Qərbi Kaspi Universitetinin dizayn ixtisası üzrə məzunu olan Şəlalə Salamzadənin instalyasiyası iki tarixi qadın kinorejissor Qəmər Salamzadə və öz dövrünün sosial stereotipləri ilə mübarizə aparan tanınmış şairə Xurşidbanu Natəvan ilə bağlıdır. İnstalyasiyaya Natəvanın qəzəlindən “Xəyalım yar ilə getmiş, dilim hicr ilə odlanmış...” parçasının yazısı, Qəmər Salamzadənin filmlərinnən kadrlar və rəssamın şəxsi arxivindən olan yandırılmış kinolentlər daxildir.
Sərginin başlıca məqsədi dövrümüzün aktual mövzuları və gender stereotiplərinin aradan götürülməsinə qarşı qadın yanaşmalarının gözəlliyini nəzərə alaraq, qadınların “etiraz səslərini” yenidən üzə çıxarmaqdır. Tədbirdə sərgi çərçivəsində “Chai-Khana” Beynəlxalq Media Platforması ilə birgə filmin nümayişi olub.
Sərgi iyun ayının 3-nə qədər davam edəcək.
Şəlalə Salamzadə Qərbi Kaspi Universitetinin Kompüter texnologiyaları və Dizayn fakültəsini bitirib. Çoxşaxəli dizayner və rəqəmsal sənət üzrə ixtisaslaşmış rəssamın əsərlərinin əsas istiqaməti – post-internet, qlitç-art və cəmiyyətdir. 2017-ci ildə Şəlalə ARTIM Layihə Məkanında keçirilən “Rebirth.exe” sərgisinin kuratoru və iştirakçı rəssamı olub. O, beynəlxalq “Glitch Artists Collective”-in üzvüdür. Rəssamın “Introspecto” foto layihəsi Azərbaycan, İspaniya və ABŞ-ın tanınmış jurnallarında dərc olunmuşdur. Rəssamın layihələri NARGİS jurnalının saytında yer alıb.